Bu Blogda Ara

10 Ocak 2014

Bu il yanvarın 1-dən Beynəlxalq Cudo Federasiyası (IJF) tərəfindən təshih edilmiş yeni qaydalar qüvvəyə minib.

Keçən mövsümdə IJF eksperimentlərə geniş yer versə də, olimpiya təsnifatı yaxınlaşdıqca o, vəziyyəti tam nizamlamağı qərara alıb. Azərbaycan cüdoçuları da yeni qaydaların tətbiqinə hazır olmalıdırlar.

İlk mühüm dəyişiklik hakimliklə əlaqədardır. Keçən il tatami üzərində döyüşlərə eksperiment kimi bir hakim nəzarət edirdisə, indi bu qayda təsdiq edilib. Baş arbitr videonəzarət sistemi ilə təchiz edilmiş masanın arxasında əyləşən iki hakimlə radiorabitə vasitəsilə əlaqə saxlayacaq.

Hakimin qərarına müdaxilə və ya bu qərarın dəyişdirilməsi IJF komissiyası tərəfindən yalnız müstəsna hallarda (səhvi aradan qaldırmaq zərurəti olduqda) həyata keçirilir. Qərəzsiz və neytral hakimliyi təmin etmək üçün hakimlərin rotasiyası sistemindən istifadə olunur. Məşqçilər apelyasiya şikayəti verə bilməzlər, lakin tatami üzərində hakimin qərarının dəyişdirilməsi üzrə komissiyanın əsaslarını dinləmək üçün onların IJF məhkəmə komissiyasına müraciət etməsinə icazə verilir.

Cüdoçuların texniki fəaliyyətinin qiymətləndirilməsini də qeyd etmək maraqlıdır. İppona (xalis qələbə) böyük dəyər vermək üçün yalnız real surətdə arxası üstdə tatamiyə yıxma priyomları hesaba alınır. Fənd nəticəsində hücuma məruz qalan tam arxası üstdə yerə sərildikdə qiymət verilir. Məğlubiyyət zamanı tam arxası üstdə yerə yıxılmadan çevrilmə olursa, "ippon" qiyməti verilmir. Bu bənd çox mühümdür və bütün təsnifat dövrü boyunca dəyişməz qalacaq.

Yerə düşərkən "körpü" vəziyyətinin alınması ilə əlaqədar bütün hallar "ippon" kimi təsnifləşdirilməlidir. Bu qərar idmançıların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul olunur ki, onlar boyun fəqərələrini təhlükəyə məruz qoyaraq məğlubiyyətdən yaxa qurtarmağa çalışmasınlar.

Cəza sistemi – "şido" da təshih edilib. Döyüş zamanı iştirakçıya üç dəfə xəbərdarlıq edilə bilər, dördüncü "şido"nun elan edilməsi diskvalifikasiyaya gətirib çıxarır. Özü də cəza qiymətləndirmədə rəqibə üstünlüklər vermir. Döyüşün sonunda hesab bərabərdirsə, az xəbərdarlıq alan idmançı qalib hesab olunur. Əgər döyüş "golden score" vəziyyətinə (əsas görüşdə qiymətlərin və cəzaların bərabər olması) keçirsə, birinci "şido" alan uduzur, yaxud texniki fəndə görə birinci qiymət almış oyunçu udur.

Hiç yorum yok:

Yorum Gönder

Manşet