Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında deyib ki, ilk Ay tutulmasını Azərbaycanda müşahidə etmək mümkün olmayıb.
X.Mikayılov qeyd edib ki, bu proses 3 saat 35 dəqiqə davam edib: “Bakı vaxtı ilə saat 10:58-də başlayan Ay tutulması saat 14:33-də başa çatıb. Tutulma Avstraliyada, Sakit okeanda və Amerikada müşahidə olunub. Rusiyanın Vladivostok ərazisində yaşayanlar da Ay tutulmasının bir hissəsini müşahidə edə biliblər”.
Rəsədxana rəsmisi qeyd edib ki, Ay tutulması Bakı vaxtı ilə gündüz saatlarında baş verib və Ay bizim üçün üfüqdən aşağıda olub. Aşağıda olan obyekti görməyin mümkün olmadığını deyən X.Mikayılovun sözlərinə görə, Avstraliyada, Sakit okeanda və Amerikada bu vaxt Ay doğmuş obyekt olub və oralarda yaşayan insanlar bunu müşahidə edə biliblər.
Qeyd edək ki, aprelin 29-da isə bu ilin ilk Günəş tutulması qeydə alınacaq. Həlqəvari Günəş tutulması adlanan hadisə Avstraliya, Hind okeanı və Antarktikada müşahidə olunacaq. İlk Günəş tutulması Bakı vaxtı ilə saat 8:54-də başlayacaq, saat 13:14-də başa çatacaq.
Bu ilin oktyabr ayında isə ikinci Ay və Günəş tutulmaları baş verəcək. Ay tutulması oktyabrın 8-də olacaq, 3 saat 29 dəqiqə davam edəcək. Asiya, Avstraliya, Sakit okean və Amerikada müşahidə ediləcək Ay tutulması saat 14:15-də başlayacaq və saat 17:34-də başa çatacaq.
Günəş tutulması isə oktyabrın 24-də qeydə alınacaq. Oktyabrın 24-də Bakı vaxtı ilə saat 00:40-da başlayacaq ikinci Günəş tutulması saat 04:52-də başa çatacaq. Bu tutulma hadisəsi Şimali Amerika və Rusiyanın 10-a yaxın ərazilərində müşahidə ediləcək.
Rusiya Federasiyası Baş nazirinin müavini Ayda daimi bir dayaq quracaqlarını açıqlayıb.
Qərb mətbuatı Krımdakı vəziyyətə istinad edərək "Rusiya Ayı da işğal edir", - deyə yazır.
Rusiya Baş nazirinin müavini Dmitri Roqozin ölkəsinin Ayda daimi bir qərargah planlaşdırdığını açıqlayan məqalə yazıb. "Rossiyskaya" qəzeti üçün yazdığı və gələn həftə yayımlanacaq məqalədə Roqozin dünya orbitindəki rus varlığının artırılaraq bu bölgənin daha təsirli vəziyyətə gətirilməsi üçün addımlar atıldığını qeyd edib.
Məqalənin bir qisimini yayımlayan rus mətbuatının məlumatına görə, artıq 2040-cı ildə Rusiyanın Aydakı qərargahının istifadəyə veriləcəyi qeyd olunur. Ayrıca Ayın yeni kosmos texnologiyalarının sınanması baxımından ən uyğun yer olduğu vurğulanır
Hiç yorum yok:
Yorum Gönder