Bu Blogda Ara

1 Temmuz 2014

Ramazan Orucu

Mənbə: http://zikr.az

Ramazan ayının orucu Quran ayələrinin və Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - hədislərinin açıq-aydın mətnlərinə əsasən fərzdir (vacibdir). Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz” (əl-Bəqərə surəsi, 183). Həmçinin buyurur: “İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar” (əl-Bəqərə, 185).
Peyğəmbər buyurmuşdur: “İslam beş əsas üzərində qurulub: “Allahdan başqa haqq ilahın olmadığına və Muhəmmədin Allahın Elçisi olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Evi (Kəbəni) həcc etmək və Ramazan orucunu tutmaq” (əl-Buxari, 8).

Ramazan orucunun fəzilətləri
Ramazan orucunun üstünlüklərindən biri bu ayda möminlərin günahlarının bağışlanmasıdır. Peyğəmbər buyurmuşdur: “Kim Ramazan ayını imanla və mükafatını (yalnız Allahdan) umaraq oruc tutarsa, keçmiş günahları bağışlanar” (əl-Buxari, 38).
Bu ayda oruc tutan möminlərə Allah böyük mükafat hazırlamışdır. Peyğəmbər buyurmuşdur: “Kim Ramazan ayında oruc tutsa, sonra Şəvval ayının altı gününü də buna əlavə etsə, il boyu oruc tutmuş kimidir” (Muslim, 1164).
Bu ayda Peyğəmbərin buyurduğu kimi Allahın mərhəmət qapıları açılır və şeytanlar zəncirlənir: “Ramazan ayının ilk gecəsi girdikdə şeytanlar və cinlərin şər olanları zəncirlənir, Cəhənnəmin qapıları bağlanaraq bir qapısı belə açılmır...” (ət-Tirmizi, 682).
Bu mübarək ayda Qədr gecəsi vardır. Uca Allah buyurur: “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər. O gecə sübh açılanadək əmin-amanlıq olur!” (əl-Qadr, 1-5). O gecədə Allaha ibadət etmək, yaxşı işlər görmək min ayda edilən əməllərdən daha xeyirlidir. Həmçinin, Qədr gecəsinin üstünlüyü, o gecəni ibadətlə keçirənin keçmiş günahlarının bağışlanmasıdır. Peyğəmbər buyurmuşdur: “Kim Qədr gecəsini imanla və mükafatını Allahdan umaraq ibadət edərsə, keçmiş günahları bağışlanar” (əl-Buxari, 35). Qədr gecəsi Ramazan ayının axır on gecəsinin tək gecələrindən biridir. Aişə deyir: “Mən dedim: “Ey Allahın Elçisi, de görüm, hansı gecənin Qədr gecəsi olduğunu bilsəm, nə deyim?” Allah Elçisi buyurdu: “De: “Allahım, Sən Bağışlayan, Səxavətlisən və bağışlamağı sevirsən, məni bağışla! (Allahummə innəkə afuvvun kərimun tuhibbul-afva fə'fu-anni)” (ət-Tirmizi, 3513).

Kimlər oruc tutmalıdır?
Oruc tutmaq – sağlam, ağıllı və həddi-buluğa çatmış hər bir müsəlmana fərzdir (vacibdir). Oruc tuta bilməyən qocalar və xroniki ağır xəstələr oruc tutmaqdan azad olunurlar. Lakin onlar fidyə verməli, yəni orucluğun hər bir gününün müqabilində bir yoxsula yemək verməlidirlər. Bir dəfəyə, yaxud ayrı-ayrı vaxtlarda 30 nəfəri yedizdirmək də olar. Hamilə və uşaq əmizdirən qadınlar, uşaqlarının sağlamlığına zərər dəyməsindən qorxduqda oruclarını kəsə bilərlər. Lakin gələn ilin Ramazan ayına qədər buraxdıqları günlərin orucunu tutmalıdırlar. Xəstə və səfərdə olanlar oruc tutmaya bilərlər. Onlar buraxdıqları orucu sonradan tutmalıdırlar. Uca Allah buyurur: “Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdır” (əl-Bəqərə, 185). Heyzli və nifaslı (aybaşı və doğuşdan sonrakı qanaxma halları keçirən) qadınlara oruc tutmaq qadağandır. Onlar qanaxma qurtardıqdan sonra oruc tutmalıdırlar.

Ramazan ayının əvvəlini və sonunu necə bilmək olar?
Hicri təqviminə əsasən ay 29 və ya 30 gün olduğundan Ramazan ayı göydə hilalın (yeni ayın əlamətinin) görünməsi ilə başlayır və Şəvval ayının hilalının görünməsi ilə sona yetir. Peyğəmbər buyurmuşdur: “Ramazandan əvvəl oruc tutmayın, onun hilalını görməklə oruca başlayın, Şəvval ayının hilalını görməklə də orucunuzu bitirin. Əgər bulud hilalı görməyinizə mane olarsa, onda ayın günlərini otuz hesab edin” (ət-Tirmizi). Bu hədisdən aydın olur ki, Ramazandan əvvəl gələn Şaban ayının 29-u hilalı görmək mümkün olmasa, onda həmin ayı 30 günə tamamlayıb ertəsi gün oruc tutmağa başlanılmalıdır. Həmçinin, bu üsulla Ramazan ayının sonu təyin edilir.

Orucluğun əsasları
Səhər dan yeri söküləndən gün batana kimi yeməkdən, içməkdən və cinsi əlaqədə omaqdan çəkinmək. Uca Allah buyurur: “Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın” (əl-Bəqərə, 187). Bu ayədə ağ sap və qara sap dedikdə, gündüzün ağlığı və gecənin qaranlığı nəzərdə tutulur.
Niyyət etmək. Orucu Allah rizası üçün tutmaq. Uca Allah buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (əz-Zəriyət, 56). Həmçinin, yəhudi və xristianlar haqqında buyurur: “Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!” (əl-Beyyinə, 5). Peyğəmbər buyurmuşdur: “Əməllər niyyətlərə bağlıdır. Hər kəsə də yalnız niyyət etdiyi şey qalacaqdır...” (əl-Buxari, 1) Niyyət sübh əzanından qabaq Ramazan ayı ərzində hər gecə edilməlidir. Peyğəmbər buyurmuşdur: “Sübhdən qabaq oruc tutmağa niyyət etməyənin orucu yoxdur” (Əhməd). Dinimizdə niyyəti dilə gətirmək çirkin bidətdir (dinə sonradan gətirilən yenilikdir). Çünki Peyğəmbər bunu əmr etməmişdir.
Günahlardan çəkinmək. Peyğəmbər buyurmuşdur: “Kim yalan danışmaqdan və bu yalana əməl etməkdən əl çəkməsə, yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur” (əl-Buxari, 1903). Həmçinin, o belə demişdir: “Oruc bir qalxandır. Sizdən biriniz oruc tutduğu zaman günah işlər görməsin və dava-dalaş salmasın. Əgər kimsə onu söysə və ya onunla dalaşmaq istəsə, qoy: “Mən oruc tutmuşam”- desin” (əl-Buxari 1904). Bu baxımdan oruc tutan qulağı, gözü, dili və bütün əzaları ilə oruc tutmalıdır.

Orucu kamilləşdirən əməllər
Dan yeri söküləndən qabaq yemək (səhur etmək). Peyğəmbər buyurmuşdur: “Səhur yeməyi bərəkətdir, biriniz bir qurtum su ilə olsa belə onu tərk etməsin! Çünki Allah və Onun mələkləri səhur yeməyi yeyənlərə xeyir-dua edərlər” (Əhməd, 11101). Onun vaxtı gecə yarısından sübh namazına kimidir. Səhuru bu vaxta qədər uzatmaq Peyğəmbərin sünnəsidir.
İftar açmağa (gün batan kimi) tələsmək. İftara tələsmək Peyğəmbərin sünnəsidir (adət-ənənəsidir). Peyğəmbər buyurmuşdur: “Bunda yəhudi və xristianlara müxaliflik vardır, çünki onlar iftarlarını ulduzlar görünənə qədər yubadardılar” (əl-Buxari, Muslim). Həmçinin demişdir:“İnsanlar iftar açmağa tələsdikcə xeyir içində olacaqlar” (əl-Buxari, 1957). Ona görə də aydınlığın yox olmasını və ulduzların görünməsini gözləməmək, gün batan kimi iftar açmaq lazımdır.
Məğrib (günbatan) namazından qabaq iftar açmaq. Peyğəmbər demişdir: “Sizdən biriniz iftar etdikdə xurma ilə iftar etsin, çünki o bərəkətdir. Əgər xurma tapmazsa, su ilə iftar etsin, çünki o pakdır...” (ət-Tirmizi, 638).
Oruclu ikən və iftar vaxtı Allaha dua etmək. Peyğəmbər buyurmuşdur: “Oruc tutanın, iftar açdığı vaxt etdiyi duası rədd olunmur.” İftar vaxtı edilən dualar: “Susuzluq getdi, damarlar islandı və inşəAllah əcrimiz yazıldı!” (Zəhəbəz-zaməu vabtəllətil-uruqu va səbətəl-əcru inşə-Allah). Abdullah ibn Əmr ibn əl-As iftar açanda bu duanı edərdi: “Allahım, hər şeyi əhatə edən mərhəmə¬tinlə məni bağışlamağını diləyirəm!” (Allahummə inni əsəlukə birahmətikə əlləti vasiət kullə şeyin ən-təğfirali).
İftar yeməyi vermək. “Oruc tutana iftar verən adam onun qədər savab qazanır, oruc tutanın da savabından heç bir şey əskilmir.”
Əliaçıqlıq etmək. İbn Abbas rəvayət edir: “Allahın elçisi insanların ən səxavətlisi idi. Ramazan ayında, Cəbrail ilə görüşdüyü zaman isə daha səxavətli olardı. Cəbrail Ramazan ayının hər gecəsində Peyğəmbər ilə görüşər, onunla birgə Quranı oxuyub təkrar edərdi. Odur ki, bu günlərdə Allahın elçisi xeyirxah işlər görməkdə sərbəst əsən küləkdən daha comərd olardı.” (əl-Buxari, 6)
Quran oxumaq, zikr və istiğfar etmək. Ramazan ayı Quran ayıdır. Müsəlmanlar bu ayın fəzilətindən yararlanaraq daha çox Quran oxumalı, Allahı zikr etməli və Ondan bağışlanma diləməlidirlər.
Təravih namazları qılmaq. Təravih namazı yalnız Ramazan ayına xas olan, bu ayın hər gecəsi işa (axşam) namazından sonra, vitr namazından əvvəl qılınan 8 rükətli sünnət namazıdır. Bu namazları camaatla və ya təklikdə, məsciddə, yaxud evdə qılmaq olar.
Ramazan ayının axır on günündə ibadətləri gücləndirmək. Peyğəmbər Ramazan ayının axır on gününün bütün gecələrini ibadətlə keçirər, ailəsini namaz qılmaq üçün oyandırar, eləcə də gün ərzində məsciddə etikaf edərdi. Oradan ancaq ehtiyacını ödəmək və dəstəmaz almaqdan ötrü çıxardı.
Etikaf – Allaha ibadət məqsədi ilə məsciddə qalmaqdır. Etikaf Quran oxumaq, namaz qılmaq, zikr və dua etmək kimi bir çox ibadəti özündə cəm edir. Əbu Hureyra rəvayət edir ki, Allah Elçisi hər Ramazanda on gün etikaf edərdi, vəfat etdiyi ildə isə iyirmi gün.” Cümə və camaat namazlarını buraxmamaq üçün etikaf yalnız məscidlərdə edilməlidir. Etikafda olan özünü Allaha ibadətə və Onu zikr etməyə həsr edir, özünü bundan yayındıran şeylərdən uzaq tutaraq qəlbi ilə Rəbbinə yaxınlaşır. Etikaf aşağıdakı şərtlərə əməl olunduqda düzgün sayılır: 1) Niyyət etmək (niyyətlə bağlı hədisə əsasən); 2) məsciddə icra etmək. Uca Allah buyurur: “Məscidlərdə etikafda olduğunuz zaman…” (əl-Bəqərə, 187); 3) namaz qılmaq üçün oradan vaxtaşırı çıxmamaqdan ötrü məscidin camaat namazı qılınan məscid olması.

Orucu batil etməyən şeylər
Ətirdən və sürmədən istifadə etmək.
Qüsl etmək və yuyunmaq.
İynə vurdurmaq (qidalandırıcı və vitaminlərdən başqa), gözə dərman damcılatmaq.
Ağzı və burnu suyu udmamaq şərti ilə yaxalamaq. Ağzı və burnu yaxaladıqda ehtiyatlı olmaq lazımdır. Əgər təsadüfən su udlaqdan daxilə keçərsə, oruc batil olmur. Ona görə ki, bu bilərəkdən baş verməmişdir. Uca Allah buyurur: “Etdiyiniz səhvlərə görə sizə günah yoxdur. Lakin qəsdən etdiyiniz işlərdən ötrü günah vardır” (əl-Əhzab, 5).
Xörəyin dadına baxmaq.
Ağız suyu (tüpürcək), toz və tüstü udmaq. Ağız suyunu udmaq, eləcə də tüpürmək orucu pozmur. Lakin oruc tutan sinədən və ya burundan gələn bəlğəmi udmamalı, xaric etməlidir.
Öpmək.
Cinsi orqanlardan çıxan maye (qəsdən şəhvət nəticəsində çıxan spermadan başqa). Ramazan gecələri yeməyə, içməyə və cinsi əlaqədə olmağa icazə verilir.

Orucu batil edən şeylər
Heyz və nifas (günəş batmamışdan qabaq baş versə).
Cinsi əlaqə. Oruclu ola-ola qadını ilə bilərəkdən cinsi əlaqədə olan günahını yumaqdan ötrü 60 gün dalbadal oruc tutmalı, tutduğu günlərdə orucunu pozarsa, yenidən oruc tutmağa başlamalıdır.
Qəsdən qusmaq.
Oruc tutmaqdan imtina etmək.
İslamdan çıxmaq.
Qəsdən yemək və içmək. Unutduqda batil olmur, belə ki, Peyğəmbər buyurmuşdur: “Oruclu ikən unudaraq yeyən və içən oruca davam etsin, çünki Allah onu yedirib və içizdiribdir” (əl-Buxari, Muslim). Unudaraq yeyən və içən oruc tutmağa davam etməli, orucunu dayandırmamalı və sonra da tutmamalıdır.
Siqaret çəkmək, saqqız çeynəmək və qidalandırıcı iynələr vurdurmaq.
Qan köçürtmək və donorluq etmək (qanı analizə vermək batil etmir).

Fitrə
Peyğəmbər hər kəsə – kişi və qadına, böyük və kiçiyə, hətta ana bətnində olan uşağa görə imkanı olanlara fitrə verməyi vacib etmişdir. Fitrə adam başına bir saa (təqribən 2,5 kq) miqdarında xurma, arpa, buğda, kişmiş və ya düyü verilməlidir. Peyğəmbər bunu bayram namazından qabaq verməyi buyurmuşdur. Bunu bayramdan bir-iki gün qabaq da vermək olar. Bayramdan sonraya saxlamağa icazə verilmir. Ailə başçısı ailə üzvlərinə, hətta ana bətnində olan uşağa görə də fitrə çıxararaq onu yoxsul, yetim və ehtiyaclı müsəlmanlar arasında paylaşdırır.

Bayram namazı
Bayram namazı günəş çıxandan sonra fitr günü (Şəvval ayının birinci günü) qılınır. Bayram namazında hamı – kişi, qadın, qoca və uşaqlar iştirak edirlər. Peyğəmbərin dövründə müsəlmanlar bir yerə toplaşardılar, lakin bütün insanların məscidə sığmadığına görə, namazı geniş bir yerdə qılardılar. Bayram namazı iki rükətdən ibarətdir və adi namazdan təkbirlərin, yəni “Allahu Əkbər” sözlərinin sayı ilə fərqlənir. Namazın birinci rükətində yeddi, ikincidə isə beş təkbir deyilir. Namazdan sonra bayram xutbəsi oxunur. Ramazan bayramı müsəlmanların qəlblərini birləşdirərək Uca Allahın mərhəmətinə yönəldir. Mübarək bayram günündə müsəlmanların bir-birlərinə təbrikləri “Allah bizdən də, sizdən də qəbul etsin!” sözləridir. Bayram günlərində oruc tutmaq olmaz.

Hiç yorum yok:

Yorum Gönder

Manşet